Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzu yüksəlib - Deputatdan AÇIQLAMA
07.07.2023
120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 2019-cu ilin payızından Azərbaycan uğurla sədrlik edir. Bu dövrdə təsisatın Bakıda müxtəlif tədbirləri baş tutub.
İyulun 5-də isə Bakıda təşkilatın növbəti tədbiri - Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşü keçirilib.
Görüşdə çıxış edən Prezident İlham Əliyev ölkəmizin təşkilata sədrliyi dövründə görülən mühüm işlərdən danışıb. Dövlət başçısı bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə "Bandunq prinsipləri" əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruyub.
"DM" media Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun mövzu ilə bağlı "Azərbaycan" qəzetinə verdiyi açıqlamanı təqdim edir:
Deputat açıqlamasında qeyd edib ki, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə fəaliyyətinin yeni keyfiyyət mərhələsini yaşayıb. Ölkəmiz bu çərçivədə hər zaman yüksək nüfuza sahib olub, ehtirama layiq görülüb: "Bunun obyektiv səbəbi odur ki, Azərbaycan QH-nin fəaliyyətinin əsasında duran "Bandunq prinsipləri"ni öz fəaliyyətində əsas götürüb. Təsadüfi deyil ki, Azərbaycanın 2019-cu ildən təşkilata sədrliyi dövründə təsisata üzv ölkələrin davranışlarında bu prinsiplərə istinad edilməsinin vacibliyi geniş təşviq olunub. Ümumiyyətlə, ölkəmizin rəhbərliyi dövründə Qoşulmama Hərəkatının dünya miqyasında nüfuzu əhəmiyyətli dərəcədə artıb. Nəzərə almaq lazımdır ki, Azərbaycanın təşkilata üzvlük tarixi elə də uzaq deyil. 2011-ci ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatına tamhüquqlu üzv seçilib. 2019-cu ildən etibarən sədrliyin Azərbaycana keçməsi haqqında yekdilliklə qərar qəbul olundu".
2019-cu ilin oktyabrında QH-nin XVIII Zirvə toplantısının Bakıda baş tutduğunu xatırladan E.Mirbəşiroğlu bildirib ki, bu iclasda Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə olunan üç mühüm qətnamə qəbul edilib. "Qoşulmama Hərəkatı beynəlxalq əhəmiyyətli məsələlərin müzakirə olunduğu mühüm konfranslar keçirib. Bu tədbirlərin əksəriyyəti Bakıda baş tutub. Nəzərə almaq lazımdır ki, təsisata Azərbaycanın rəhbərliyi olduqca mürəkkəb tarixi dövrə - pandemiyaya təsadüf etdi", - deyə deputat əlavə edib.
O vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin may ayında QH-yə üzv ölkələrin təmas qruplarının COVID-19-la mübarizəyə həsr olunmuş toplantısı keçirilib və burada həmin dövr üçün aktual olan məsələlər müzakirə olunub. Eyni zamanda həmin toplantıda dövlət başçısı 2020-ci ildə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsini təklif edib.
Rəsmi Bakının rəhbərliyi dövründə Azərbaycanın səyləri, təşəbbüsləri nəticəsində təsisat daxilində mühüm institusional inkişaf olduğunu deyən E.Mirbəşiroğlu bu dövrdə QH-nin Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradıldığını xatırladıb. Bu isə gələcəkdə təşkilat çərçivəsində daha sıx ünsiyyət imkanları təqdim etməyə imkan verəcək: "Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, iyulun 5-6-da QH-nin Əlaqələndirmə Bürosunun nazirlər iclasının Bakıda baş tutması Azərbaycanın sədrliyi dövründə təşkilatın dinamik fəaliyyət göstərdiyini bir daha sübut edir. İclas çərçivəsində də müasir çağırışlarla mübarizədə birlik və əzmkarlıq mövzusunda, dünyanı narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Təbii ki, bununla yanaşı, təmasların da inkişaf etməsi gələcəkdə həm iki, həm də çoxtərəfli əməkdaşlıq sistemini inkişaf etdirəcək".