Bu il Bakıda Beynəlxalq KOB Forumu keçiriləcək - FOTO
28.06.2023
Bakı bu ilin noyabr ayında Beynəlxalq KOB Forumuna ev sahibliyi edəcək.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Nyu-Yorkda keçirilən Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Gününə həsr olunan tədbirdəki videomüraciətində bildirib.
Videomüraciətdə O.Məmmədov Kiçik Biznes üzrə Beynəlxalq Şura (ICSB) ilə əməkdaşlıq çərçivəsində keçiriləcək forumun yerli və xarici KOB-lar, investorlar, akademik dairələr arasında əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli platforma olacağı qeyd edib. KOBİA sədri Azərbaycanda KOB-lara göstərilən dəstək, bu sahədə KOBİA-nın fəaliyyəti, ICSB-yə üzv olan agentliyin təşkilatla əməkdaşlığı barədə məlumat verib.
KOB-larla əlaqəli beynəlxalq təşkilatların, müxtəlif ölkələrdən rəsmi şəxslərin iştirakı ilə keçirilən tədbirdə KOB-ların davamlı iqtisadi inkişafa, məşğulluğa və Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına töhfəsi barədə məlumat verilib, KOB-ların inkişafı üçün müxtəlif dəstək mexanizmlərinə, bu sahədə yeniliklərə və nəzərdə tutulan tədbirlərə dair müzakirələr aparılıb.