Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin Forumu keçirilib
25.06.2023
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəxri sədri Leyla Əliyevanın təşəbbüsü ilə 22-24 iyun tarixlərində Tümen şəhərində AMOR-un Ural-Sibir Regionlararası Forumu keçirilib.
"DM" xəbər verir ki, AMOR-un yeddinci regionlararası forumu olan bu tədbirdə təşkilatın 12 nümayəndəliyi iştirak edib.
Tədbirin fəxri qonaqları Tümen vilayətinin Millətlərlə İş üzrə Komitəsinin şöbə müdiri Vildan Yakupov, İdman və Gənclər Siyasəti Departamentinin nümayəndəsi Marina Şestakova, Tümen Regional Dumasının deputatı Larisa Tsupikova olublar.
Forum çərçivəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Rusiya Federasiyasında AMOR tərəfindən keçirilən tədbirlər haqqında məlumat verilmişdir. İştirakçılar arasında müzakirələr zamanı Rusiya Federasiyasında Azərbaycan gəncliyinin hərtərəfli inkişafına yönəlmiş və yaxın gələcəkdə həyata keçiriləcək layihələrin ümumi hədəfləri, planları qeyd edilib. Forum zamanı regional bölmələrin nümayəndələri könüllülük, ekologiya və sağlam həyat tərzi sahəsində planlaşdırılan layihələri müzakirə edib, cari və qarşıda duran tədbirlər haqqında məlumat və fikir mübadiləsi aparıblar. Daha sonra regional bölmələrin inkişaf perspektivləri qeyd edilib və qarşıda duran hədəflər müəyyən olunub.
Həmçinin 24 iyun tarixində sözügedən forum çərçivəsində "Xalqlar Dostluğu" parkında təşkilatın ənənəvi ağacəkmə aksiyası baş tutub. Bu aksiyada AMOR-un nümayəndələri, Tümen şəhər Administrasiyasının İdman və Gənclər Siyasəti Departamentinin müdiri və Tümen şəhər Administrasiyasının Millətlərarası Əlaqələr Komitəsinin nümayəndəsi iştirak edib.
Forumun rəsmi hissəsinin sonunda iştirakçılar "Svoboda” teatrında görkəmli geoloq Fərman Salmanovun həyatından bəhs edən "İzlənilməz optimist” tamaşasına baxıblar.