Ukrayna hərbi vəziyyət elan etməyə hazırlaşır - BMT təcili toplanır
26.11.2018
Bu gün Ukrayna prezidenti Petro Poroşenkonun rəhbərliyi ilə toplanan Milli Təhlükəsizlik və Müdafiə Şurası ölkədə hərbi vəziyyətin elan edilməsinin vacibliyi ilə bağlı qərar qəbul edib.
"Dövran Media" Ukrayna KİV-nə istinadən xəbər verir ki, Poroşenko parlamenti qərarı təsdiqləməyə çağırıb. Ali Radanın spikeri Andrey Parubiy bu məsələyə yerli vaxtla saat 16:00-da baxılacağını bildirib.
"Hərbi vəziyyət müharibə elan edilməsi anlamına gəmir. Ukrayna heç kimlə müharibə planlaşdırmır. Bu, tamamilə Ukrayna torpaqlarının, ərazi bütövlüyünün müdafiəsi, suverenliyi və müstəqilliyi məqsədilə tətbiq edilir” – deyə prezident Poroşenko bildirib:
"Biz indi ehtiyatda olan hərbçilərimizdən yüzlərlə zənglər alırıq. Onlar artıq ryukzaklarını toplayır və ölkənin müdafiəsi üçün ayağa qalxmağa hazırdırlar”.
Qeyd edək ki, Rusiyanın Kerç boğazında Ukrayna Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmiyə atəş açması ilə əlaqədar BMT Təhlükəsizlik Şurası fövqəladə toplantı çağırıb. Bu barədə ABŞ-ın qurumdakı daimi nümayəndəsi Nikki Xeyli özünün tvitter hesabında məlumat verib.