Nazir:Saakaşvili Gürcüstanın daxili siyasətində iştirak edə bilməz
21.06.2023
Mixeil Saakaşvili Gürcüstan vətəndaşı deyil və qanunən o, Gürcüstanın daxili siyasətində iştirak edə bilməz.
Bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, Saakaşvilinin əsasını qoyduğu Vahid Milli Hərəkat partiyası qeyri-rəsmi idarəçiliyə öyrəşib və partiyanın bundan sonra da necə idarə olunması ona maraqlı deyil.
Ədliyyə naziri vurğulayıb ki, hazırda xəstəxanada müalicə alan Saakaşvili səhhəti yaxşılaşdıqdan sonra cəzaçəkmə müəssisəsinə qaytarılacaq:
"Bu şəxs məhbusdur və ona görə də, onun fiziki vəziyyəti imkan verdiyi zaman cəzaçəkmə müəssisəsinə köçürüləcək. Burada təəccüblü heç nə yoxdur",- Breqadze deyib.
Qeyd edək ki, Gürcüstanın hazırda həbsdə olan 3-cü Prezidenti Mixeil Saakaşvili bir neçə gün əvvəl Facebook paylaşımında siyasətə qayıtdığını açıqlayıb.