Nazir: "Məşğul əhalinin içərisində əmək müqaviləsi ilə çalışanların sayı azdır"
21.06.2023
"Son 4 ildə 450 min əmək müqaviləsinin artımına baxmayaraq məşğul əhalinin içərisində əmək müqaviləsi ilə çalışanların sayı azdır. Hədəf bir bu qədər də əmək müqavilələrinin sayının olmasıdır".
"DM” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Gələcəyə qayıdış” devizi ilə keçirilən İnsan Resursları Zirvəsində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, insan resursları ilə əmək bazarı arasındakı vəhdət tapılmalıdır: "Aidiyyəti qurumlarla mütəmadi müzakirələr aparılır və bu da nəticəyönümlü olmalıdır. Texnoloji inkişaf da qarşımızda böyük çağırışlar qoyur. Texnologiya inkişaf etdikcə insan əməyinə ehtiyac da azalır".
S.Babayev qeyd edib ki, bu gün məşğul və muzdlu şəkildə çalışanlar arasında ixtisassız işçi qüvvəsi var: "Onların təlim-peşə hazırlığına cəlb edilərək bilik və səriştə ilə zənginləşdirilməsi lazımdır. Əmək bazarında gender bərabərliyinin təmin edilməsi istiqamətində görülən işlər davam etdirilməlidir. 5 ildə bu sahədə dinamika yaxşılaşıb. Bundan başqa, məşğul əhalinin 36 %-i kənd təsərrüfatında çalışır. Texnologiyaların inkişafı səbəbindən bu say azalacaq. İşçi qüvvəsinin səmərəsinin artırılması vacib məsələdir".