Müəllimlərin sertifikasiya imtahanı başlayıb - YENİLƏNİB
20.06.2023
Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə başlanılıb.
"Report” xəbər verir ki, imtahan ölkənin 13 müxtəlif şəhərində 23 mərkəzdə təşkil olunub.
Qaydaların tələblərinə müvafiq olaraq, test imtahanı ilə bağlı məlumat mayın 18-də iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Bütün ölkə üzrə iyunun 20-23-də 20 000-ə yaxın təhsilverən ibtidai sinif, iyunun 24-də isə 8500-dən çox təhsilverən Azərbaycan dili və ədəbiyyat fənni üzrə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunacaq. Ümumilikdə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub.
Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanmasə avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir.
Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində 50 baldan yuxarı nəticə göstərənlərin vəzifə maaşları 35%, keçid balını toplayan digər təhsilverənlərə isə 10% aylıq əlavələr ediləcək.
09:30
Bu gündən 28 min müəllim üçün sertifikasiya imtahanı başlayır.
"DM"-nın məlumatına görə, onlardan 8 500 nəfəri Azərbaycan dili və ədəbiyyat, 19 500 nəfəri isə ibtidai sinif müəllimləridir.
Gün ərzində səhər və günorta olmaqla iki seans təşkil ediləcək.
Yaşı 60-dan yuxarı olan 5 700-dən çox müəllim sertifikasiya imtahanında iştirak etməyəcək. Test mərhələsi 13 şəhərdə yaradılan 23 mərkəzdə baş tutacaq.
Sertifikasiya imtahanlarından uğur qazanan müəllimlərin əməkhaqlarına əlavələr olacaq. Gələcəkdə digər motivasiya xarakterli addımlar da olacaq. Belə ki, direktor və direktor müavinləri seçimində sertifikasiya balı nəzərə alınacaq. Eyni zamanda məktəbəsaslı metodist xidməti üçün sertifikasiyadan keçən müəllimlərə üstünlük veriləcək.
Ötən il sertifikatlaşdırmadan keçmiş 3 164 təhsilverənin vəzifə maaşına 35 faiz, 5 624 təhsilverənə isə 10 faiz əlavə ödənilir.