KTMT-nin növbəti sammitinin vaxtı açıqlanıb
19.06.2023
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Kollektiv Təhlükəsizlik Şurası (KTMT KTŞ) növbəti sammiti bu ilin noyabrında Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək.
"DM" xəbər verir ki, bunu bu gün Belarus xarici işlər naziri Sergey Aleynik Qazaxıstan XİN rəhbəri Murat Nurtleu ilə Minskdə təşkil olunmuş görüşündən sonra bildirib.
Onun sözlərinə görə, Belarus və Qazaxıstan liderləri ötən ilin oktyabrında Astanada görüşüblər:
"Bu ilin noyabrında isə biz Qazaxıstan Prezidentinin Minskdə KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında iştirakını gözləyirik”, - Aleynik bildirib.
Qeyd edək ki, KTMT-nin ali orqanı olan Kollektiv Təhlükəsizlik Şurasına təşkilata üzv dövlətlərin başçıları daxildir. Bu il Təşkilata sədrlik edən Belarusla yanaşı, KTMT-yə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.
Xatırladaq ki, KTMT-nin son iclası sessiyası 2022-ci il 23 noyabr tarixində İrəvanda keçirilib.