Dünyanı nüvə savaşından xilas edən zabitin – Həyat hekayəsi
25.11.2018
25 sentyabr 1983-cü il... Polkovnik-leytenant Stanislav Petrov xidmət etdiyi hərbi hissəyə növbəti iş gününüə yollanır. Adəti üzrə evdən tez çıxan zabit ictimai nəqliyyatdan istifadə etmir, piyada gedir, yolüstü qəzet köşkündən bir neçə qəzet alır, dil-dil ötən satıcı Valya ona əsgəri qaydada salamlayır və həmişə də eyni sualı verir: "Göylərdə sakitlikdir?” Elə Stanislav Petrov da həmişə eyni cavabı verir: "Valya, gecə rahat yata bilərsən...”
Həmin gecə təkcə Valya yox, SSRİ-nin bütün vətəndaşları rahat yatanda Stanislav Petrovun kabinetində dünyanın taleyi həll olunurdu...
1983-cü ilin sentyabr ayında baş vermiş bu hadisə adi bir yanlışlıq ucbatından Üçüncü Dünya müharibəsinin başlanmasına səbəb ola bilərdi. SSRİ Müdafiə Nazirliyinin "Serpuxov-15” adlandırılan məxfi hərbi hissəsinin növbətçi zabiti Stanislav Petrovun sentyabrın 25-dən 26-a keçən gecə "təlimata uyğun olmayan” verdiyi qərar, qanunu ciddi şəkildə pozması məhz həmin gecə dünyanı nüvə fəlakətindən xilas edib.
Baş vermiş bu hadisə ilə bağlı uzun illər ictimaiyyətə heç bir məlumat verilməyib. Və heç kim kənardan çox mülayim, sakit bir insan təəssüratı bağışlayan polkovnik-leytenant Stanislav Petrovun dünyanı nüvə müharibəsindən xilas etdiyindən xəbərdar olmayıb.
Petrovun xidmət etdiyi hərbi hissənin təyinatı SSRİ – ABŞ arasında münasibətlərin heç də isti olmadığı bir dövrdə Amerikanın hava hücumu qüvvələrinə nəzarət olub.
Polkovnik-leytenant Stanislav Petrov axşam saat 8-də növbəni qəbul edib. Növbətçi hissədə yerləşən bütün rabitə və kompüter sistemləri yoxlanılıb, bütün müdafiə və xəbərdarlıq sistemini əks etdirən M-10 monitorunun sazlığına xüsusi diqqət yetirilib. Və jurnalda növbətçi hissədə hər şeyin qaydasında olduğu qeyd edilib.
Sakit başlayan növbə bir neçə saatdan sonra həyəcanlarla müşayiət olunub. Belə ki, artıq sentyabrın 26-da 00.15 dəqiqədə sistemdə qırmızı rəngdə "START” sözü görünüb. Bu artıq Amerikanın nüvə başlıqlı ballistik raketinin startı demək idi. Bir neçə dəqiqədən sonra 2-ci raketin buraxılması monitorda öz əksini tapıb, daha bir neçə dəqiqədən sonra isə ABŞ-ın üçüncü raketi monitorda görünüb.
Təlimata uyğun olaraq əks tərəfdən gələn raket hücumunu növbətçi zabit qeydə aldıqdan dərhal sonra rəhbərliyə məruzə etməli idi. Qeyd edək ki, növbətçi hissədə SSRİ-nin müdafiə naziri və DTK sədri ilə birbaşa məxfi kodlaşdırılmış rabitə əlaqəsi olub. Bu cür vəziyyət yarandıqda növbətçi zabitin məruzəsindən sonra 40 dəqiqə ərzində qarşı tərəfə elə "raket”lə də cavab verilməli idi. Petrov əmin idi ki, onun məruzəsindən sonra SSRİ rəhbərləri nüvə silahlarının düymələrini dərhal basacaqlar. Bu isə atom bombasının Amerikaya atılması demək idi.
Petrov bunu nəzərə alaraq məsuliyyəti öz üzərinə götürüb və məruzə etmək üçün tələskənliyə yol verməyib. Təcrübəsinə və biliyinə güvənərək sistemdə problem yaranmasını, siqnalların yanlış olmasını ehtimal edib. Bu, olduqca böyük bir risk idi. Çünki əks təqdirdə bu SSRİ ərazisinə üç atom bombasının düşməsi ilə nəticələnəcəkdi.
Qeyd edək ki, Petrov hərbi hissənin növbətçi zabiti vəzifəsində xidmət edib. Onun tabeliyində bir neçə növbətçi zabitin köməkçisi vəzifəsini daşıyan zabitlər olub. Petrov hadisə zamanı çox sərt şəkildə zabitlərə əmr edib ki, monitorlara və rabitə vasitələrinə müdaxilə etməsinlər.
Polkovnik-leytenant öz ehtimallarında yanılmayıb. Müharibəni Amerika yox, nasaz olan sistem "elan edib”. Gərgin dəqiqələr, təhlükə ötüşüb. Bu dəfə Petrov çox sakit və mülayim şəkildə baş leytenant Korolyova əmr edib:
- Fincanımı spirtlə doldur, özü də ağzına qədər, sülhün şərəfinə sona qədər "vurmaq” lazımdır...
Bu hadisə haqqında SSRİ dövründə bir cümlə də olsa mətbuatda yazılmayıb. Stanislav Petrova bu hadisəyə görə heç "sağ ol” da deməyiblər. Əksinə, rəhbərlik onun şəxsi işinə bir töhmət də əlavə edib.
Amma SSRİ dağıldıqdan sonra təkcə Rusiyada deyil, xarici ölkələrdən də dünyanı nüvə fəlakətindən xilas edən zabitlə maraqlananlar çox olub.
2006-cı ildə BMT-nin Nyu-Yorkdakı mənzil qərərgahında Stanislav Petrova "Nüvə müharibəsinin qarşısını alan insan” adlı xüsusi mükafat təqdim olunub.
Göstərdiyi bu qəhrəmanlığa görə Petrov Fransa və Almaniyanın müxtəlif mükafatlarına da layiq görülüb.
Onun haqqında "Dünyanı xilas edən adam” adlı sənədli film də çəkilib.
Bu hadisədən bir il sonra, 1984-cü ildə Stanislav Petrov ordu sıralarından tərxis olunub. Ömrünün sonuna kimi Moskva vilayətinin Fryazino şəhərində yaşayıb.
Dünyanı nüvə fəlakətindən xilas edən növbətçi zabit Stanislav Petrov 2017-ci ilin may ayında 77 yaşında vəfat edib.