Britaniya MN İranı BMT TŞ-nin qətnaməsini pozmaqda ittiham edir
13.06.2023
İran Rusiyaya kamikadze dronları tədarük edərək BMT Təhlükəsizlik Şurasının (TŞ) 2231 saylı qətnaməsini pozur.
"DM" xəbər verir ki, bu, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.
Bildirilib ki, Rusiya artıq bu dronların İrandan təyyarə ilə kiçik həcmlərlə deyil, Xəzər dənizi vasitəsilə gəmilərdən istifadə etməklə böyük həcmlərdə idxalına başlayıb.
Məlumatda vurğulanıb ki, bu, Şimal-Cənub nəqliyyat dəhlizi Rusiyanın Ukraynanı işğalına başlamasından sonra daha böyük əhəmiyyət qazanıb. Belə ki, bu, Rusiyaya beynəlxalq sanksiyalardan daha az zərər görmüş yollarla silah nəqli də daxil olmaqla Asiya bazarlarına çıxış imkanı verir.
Məlumatda Rusiyanın İranın yardımı ilə yerli kamikadze dronlarının istehsalına başlamaq üzərində işlədiyi qeyd olunub.
Əlavə olunub ki, Rusiyanın öz qanadlı raketlərinin böyük bir hissəsini istifadə etməsi fonunda kamikadze dronlarına investisiya qoymasının səbəbi dronların nisbətən ucuz olması və uzun mənzilli zərbə endirmək qabiliyyətidir.