Azərbaycan və Kuba Səhiyyə nazirlikləri arasında əməkdaşlıq genişləndirilir - FOTO
13.06.2023
Azərbaycanın Səhiyyə Nazirliyində Kuba İctimai Səhiyyə Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Kuba arasında dostluq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla davam etdiyini vurğulayıb. Nazir ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.
Azərbaycanın səhiyyə naziri cari ilin mayında Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində kubalı həmkarı Xose Anxel Portal Miranda ilə görüşü xatırladıb:
"Görüş çox faydalı oldu. Biz tibb müəssisələri və tibb təhsili üzrə əməkdaşlıq, əczaçılıq sahəsində tədqiqat və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr apardıq”.
Sonda Teymur Musayev ölkələrimizin səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Kuba İctimai Səhiyyə Nazirliyinin nümayəndə heyətinin üzvləri qeyd ediblər ki, səfərin məqsədi Azərbaycanda fəaliyyət göstərən xəstəxanalara ilkin baxış keçirmək və onların mövcud maddi-texniki bazası ilə tanış olmaqdır.
Görüş zamanı tibbi təhsil, müalicə-sağlamlıq turizmi, perspektivdə biotexnoloji və əczaçılıq istehsallarının Azərbaycanda təşkili, səhiyyə sahəsində ölkələrimiz arasında gələcəkdə Anlaşma Memorandumunun imzalanması və digər istiqamətlərdə birgə fəaliyyətlər barədə müzakirələr aparılıb.