ÜST-nin Avropa Bürosu COVID-19 üçün keçid planını işə salır
13.06.2023
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosu COVID-19 üçün keçid planını işə salır.
"DM" xəbər verir ki, bu barədə ÜST-nin Avropa Bürosu məlumat yayıb.
"Beynəlxalq səhiyyə sahəsində fövqəladə vəziyyət sona çatsa da, pandemiya bitməyib, regionumuz bu böhrandan çıxmağa çalışarkən, səhiyyə sistemimiz digər problemlərlə, yeni sağlamlıq təhlükələri ilə də üzləşir. İndi pandemiyaya qarşı mübarizə zamanı əldə edilən qazanclara sərmayə qoymağın və davam etdirməyin, sağlamlıq sahəsində fövqəladə hallarla bağlı çıxardığımız dərsləri tətbiq etməyin vaxtıdır. Bu, səhiyyə sistemlərimizin gələcək şoklara qarşı dayanıqlığını artırmağın yeganə yoludur", - ÜST-nin Avropa Bürosunun direktoru Hans Kluqe deyib.
ÜST yaydığı məlumatda vurğulayıb ki, daha sürətlə ötürülə bilən və yaxud daha ciddi ola biləcək yeni variantların ortaya çıxması riski hələ də mövcuddur ki, bu da müşahidə üçün davamlı resurslara ehtiyacı daha da kritik edir:
"Region yeni mərhələyə qədəm qoyduğu üçün ölkələr də digər tənəffüs xəstəlikləri ilə yanaşı virusla yaşamağı öyrənməli olacaqlar. Bu, COVID-19 nəzarətini daha geniş profilaktika və nəzarət proqramlarına inteqrasiya etmək deməkdir. Beləliklə, ÜST-nin Avropa Bürosu Təşkilatın fövqəladə hallar zamnı fəaliyyətinin 5 əsas alt sistemi üzrə COVID-19-un idarə olunmasına yanaşmasında 13 strateji dəyişiklik həyata keçirəcək".
Qeyd edilib ki, buna nail olmaq üçün ÜST-nin Avropa Bürosunun yeni keçid planı səhiyyədə fövqəladə hallara hazırlığı, cavab tədbirləri və davamlılığı gücləndirmək üçün növbəti 5 illik regional fəaliyyət planının hazırlanmasında COVID-19 və digər son fövqəladə hadisələrdən, innovasiyalardan və dərslərdən istifadə etmək üçün çərçivə təqdim edir. 2024–2029 – ÜST/Avropanın Hazırlığı 2.0 adlandırılan keçid planı COVID-19 fəaliyyətlərinin ÜST-nin Səhiyyədə Fövqəladə Hallara Hazırlıq, Cavab və Davamlılıq (HEPR) üçün təklif etdiyi qlobal sağlamlıq arxitekturasının 5 əsas komponenti çərçivəsində necə idarə edilməli və inteqrasiya edilməli olduğunu müəyyən edir:
- laboratoriya potensialının saxlanması, qurulması və COVID-19 məlumatlarının toplanması və təhlili üçün rəqəmsal vasitələrdən istifadə də daxil olmaqla birgə nəzarət;
- fövqəladə hallar zamanı sağlamlığı qoruyan tədbirləri həyata keçirmək üçün icmalara məlumatlı qərarlar qəbul etmək imkanı vermək və onlara səlahiyyət vermək;
- tibb işçilərinin hazırlanması, təhlükəsiz, yüksək keyfiyyətli qayğı üçün səhiyyə xidmətləri və təcili yardım sistemlərinə davamlı investisiyaların təmin edilməsi;
- daha geniş immunizasiya səylərinin bir hissəsi kimi COVID-19 peyvəndinin yayılmasından öyrənmək və davam etdirmək kimi tədbirlər;
- COVID-19 və qrip pandemiyası cavab planlarından tutmuş respirator virus pandemiyasının inteqrasiya planlaşdırılmasına qədər koordinasiya.
Xatırladaq ki, Avropa və Mərkəzi Asiyada 270 milyondan çox insan COVID-19-a yoluxub və 2020-ci ilin yanvar ayından indiyə qədər 2,2 milyondan çox insan bu xəstəlikdən dünyasını dəyişib.