Azərbaycanda illik inflyasiya azalıb
12.06.2023
Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar-may aylarına nisbətən 113,1% təşkil edib. Halbuki, yanvar-aprel aylarının yekununda illik inflyasiya 13,5% olmuşdu.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 115,8%, qeyri-ərzaq məhsulları üzrə 111,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,6% təşkil edib.
Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,6%, ötən ilin aprel ayına nisbətən isə 111,5% olub.
Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, çörəyin, təzə balığın, südün, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, çiyələyin, bananın, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun, arağın, bahalaşma isə əsasən düyünün, mal, qoyun və toyuq ətinin, yoğurtun, xamanın, zeytun yağının, limonun, almanın, balqabağın, kələmin, yerkökünün, şəkər və şəkər tozunun, mineral suların qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2023-cü ilin may ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1%, əvvəlki ilin may ayına nisbətən 110,7% təşkil edib.
May ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən ayaqqabıların, soyuducuların, kondisionerlərin, velosipedlərin, dezodorantların, ucuzlaşma isə kəsilmiş taxtaların, kərpiсin, mobil telefonların və notbukların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2023-cü ilin may ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3%, əvvəlki ilin may ayına nisbətən 110,5% təşkil edib. May ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən mənzillərin icarə haqlarında, paltarların, məişət cihazlarının, mənzillərin təmiri, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.