Overçuk Cənubi Qafqazda kommunikasiyaların açılmasına dair görüşün təfərrüatından DANIŞIB
09.06.2023
Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin iştirakı ilə Moskvada baş tutan danışıqlar 9 saat davam edib.
Ermənistan KİV-nin məlumatına görə, bu barədə Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk regionda kommunikasiyaların açılması üzrə komissiyanın üçtərəfli iclasının yekunlarını şərh edərkən bildirib.
O, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı mətnin hazırlığının son mərhələsində olduğunu deyib.
"İki-üç məqamla bağlı fikir ayrılıqları var. Onlar hələ də müzakirə olunmalıdır. Bura dəmir yolunun konkret olaraq haradan keçəcəyi yerlərlə bağlı məqamlar da daxildir. Yüklərin gömrük nəzarətinin necə aparılacağı ilə bağlı razılığa gəldik”, - deyə Overçuk əlavə edib.
Xatırladaq ki, iyunun 2-də Rusiya paytaxtında Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryanın həmsədrliyi ilə regionda kommunikasiyaların açılması açılması ilə bağlı üçtərəfli işçi qrupunun iclası keçirilib.