Azərbaycan ilə Türkiyə arasında hava əlaqələrinin inkişaf etdirilməsi müzakirə olunub
09.06.2023
AZAL QSC-nin birinci vitse-prezidenti Samir Rzayev və "Türk Hava Yolları” aviaşirkətinin İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri Ahmet Bolat arasında keçirilən görüşdə mülki aviasiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və Azərbaycan ilə Türkiyə arasında hava əlaqələrinin daha da inkişaf etdirilməsi müzakirə olunub.
"DM” xəbər verir ki, görüş İstanbulda keçirilən IATA-nın 79-cu İllik Ümumi İclası çərçivəsində baş tutub.
Görüş zamanı Azərbaycan və Türkiyənin milli aviadaşıyıcıları arasında əməkdaşlıq məsələləri, həmçinin iki qardaş ölkə arasında marşrut şəbəkəsinin genişləndirilməsi imkanları müzakirə olunub.
Samir Rzayevin sözlərinə görə, Türkiyə Azərbaycanın aviasiya sektorunda əsas tərəfdaşlarından biridir və aviaşirkətlər arasında əməkdaşlıq hər iki dövlət üçün böyük əhəmiyyət kəsb edir.
Ahmet Bolat öz növbəsində uğurlu tərəfdaşlığın Azərbaycan ilə Türkiyə arasında turizm, iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Hər iki tərəf əməkdaşlıq əlaqələrini daha da gücləndirməyə və mülki aviasiya sahəsində layihələrin birgə inkişafına, o cümlədən təcrübə mübadiləsinə hazır olduğunu təsdiqləyib.