21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Slovakiya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda quruculuq layihələrində iştirak niyyətindədir

07.06.2023

7 iyun tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində Slovakiya Milli Assambleyasının sədri Boris Kollar ilə görüşüb.

XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan və Slovakiya arasında dostluq və əməkdaşlıq ruhunda inkişaf edən münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib.

İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, keyfiyyətcə yeni səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb. Slovakiyada Azərbaycan Səfirliyinin təsis edilməsi planlarının ikitərəfli münasibətlərin daha dərinləşdirilməsi nöqteyi-nəzərindən əlamətdar hadisə olduğu diqqətə çatdırılıb.

Görüşdə parlamentlərarası əlaqələrin, nümayəndə heyətlərinin qarşılıqlı səfər və görüşlərinin, o cümlədən beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən söz açılıb. Habelə, iki ölkə arasında çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın sülh prosesinə xələl gətirən hərbi-siyasi təxribatları barədə qarşı tərəfi məlumatlandırıb. Münaqişədən zərər çəkmiş ərazilərin reabilitasiyası və yenidən qurulması, habelə əhalinin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfindən atılan intensiv addımlardan bəhs edib. Slovakiya şirkətləri və investorları Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarında birgə investisiya, bərpa və quruculuq layihələrində iştirak niyyəti yüksək qiymətləndirilib.

Görüşdə işğaldan azad edilmiş ərazilərin mina və partlayıcı maddələrlə kütləvi şəkildə çirklənməsinin bərpa və yenidənqurma işləri, habelə məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasının təminatı üçün əsas maneə olduğu diqqətə çatdırılaraq, mina problemi ilə mübarizədə Slovakiya tərəfi ilə əməkdaşlıq məmnunluqla qeyd olunub.

Enerji sahəsində əlaqələrə toxunan nazir Ceyhun Bayramov bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Bərpaolunan mənbələr və enerji səmərəliliyi, eləcə də enerji saxlama texnologiyalarının tətbiqi sahəsində Slovakiyanın təcrübəsinin mübadiləsi sahəsində əməkdaşlıqda maraqlı olduğumuz diqqətə çatdırılıb.

Spiker Boris Kollar, Azərbaycan-Slovakiya əlaqələrinin daha da inkişaf etdirilməsinə hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib. Spiker Azərbaycana səfərini məmnunluqla xatırlayıb və geniş əməkdaşlıq üçün geniş potensialın mövcudluğunun şahidi olduğunu diqqətə çatdırıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.