21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Zakir Həsənov macarıstanlı həmkarını erməni təxribatları ilə bağlı məlumatlandırıb - FOTO/VİDEO

07.06.2023

İyunun 7-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin, Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Macarıstanın müdafiə naziri fəxri qarovulun önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib. K.Szalay-Bobrovnicski "Şərəf kitabı”nı imzalayıb.

Qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Müdafiə naziri Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilmiş ərazilərdə görülən minatəmizləmə və bərpa-quruculuq işləri ilə bağlı ətraflı məlumat verib.

Nazir macarıstanlı həmkarını Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumatlandırıb. Qeyri-qanuni erməni birləşmələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmalarının, əcnəbi vətəndaşların qanunsuz səfərlərinin, Azərbaycanın təbii sərvətlərinin intensiv şəkildə talan olunmasının və bu kimi digər qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulduğunu diqqətə çatdırıb.

Eyni zamanda, qeyd olunub ki, hazırda erməni sakinlərin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Rusiya sülhməramlı kontingentinin keçid məntəqəsi vasitəsilə şəffaf və nizamlanan şəkildə hər iki istiqamətdə hərəkəti təmin edilir.
Səmimi qəbula görə minnətdarlığını bildirən K.Szalay-Bobrovnicski azərbaycanlı həmkarını bu yaxınlarda qeyd edilən 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib, dövlətlərimiz arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını vurğulayıb.

K.Szalay-Bobrovnicski ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Macarıstan ikitərəfli münasibətlərinin bir çox sahədə, o cümlədən hərbi sahədə də uğurla inkişaf etdiyini qeyd edib.

Macarıstanın müdafiə naziri ölkəsinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı dəstəklədiyini və bölgədə dayanıqlı sülhün əldə olunmasına töhfə verməyə hazır olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə Macarıstan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Regiondakı hərbi-siyasi vəziyyət, habelə əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.