Lənkəran şəhər İH başçısının sabiq müavini həbs olunub
06.06.2023
Lənkəran şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəhimov saxlanılıb.
APA-nın cənub bürosu xəbər verir ki, sabiq müavin avtomobili içkili vəziyyətdə idarə etdiyinə görə polis tərəfindən saxlanılıb.
X.Rəhimov iyunun 3-də Lənkəran rayonunun Gərmətük kəndi ərazisində, təhlükəsizlik kəməri taxmadığına görə polis sürücüyə "dur” əmri verib. Polis ona yol hərəkəti qaydalarını izah edən zaman məlum olub ki, sürücü X.Rəhimov avtomobili içkili vəziyyətdə idarə edir. Lənkəran şəhər Dövlət Yol Polisi bölməsinin əməkdaşları sürücüyə içkili olduğu üçün müvafiq müayinədən keçməli olduğunu bildiriblər. O, buna etiraz edərək polis əməkdaşlarına qarşı müqavimət göstərib. Bundan sonra Lənkəran rayon Parakənd kənd sakini olan Xalid Rəhimov Polis Şöbəsinə aparılıb.
Məlumata görə, onun barəsində məhkəmənin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı cinayət işi başlanılıb. Cinayət işi istintaqının davam etdirilməsindən ötrü toplanmış material aidiyyəti üzrə Lənkəran Rayon Prokurorluğuna göndərilib.
Qeyd edək ki, Xalid Rəhimov 2021-ci ildə səhhətində yaranan problemə görə tutduğu vəzifədən azad edilib. X.Rəhimov Lənkəran şəhər icra hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub