KİV: İran onlarla qərbli turisti illərlə girov saxlayıb
06.06.2023
Tehran Avropada mühakimə olunan diplomatını İranda həbsdə olan qərbli girovlarla dəyişdikdən sonra ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian İranın turistlər üçün "tamamilə təhlükəsiz” olduğunu deyib.
Ancaq bu belədirmi? Faktlar deyilənlərin əksini göstərir.
Belə ki, ötən illər ərzində İranda onlarla qərbli səyyah həbs edib və casusluqda ittiham olunub. Onlar ədalətli hüquqi müdafiə almırlar və saxta mühakimələrlə üzləşirlər. Sonra isə bu məhbuslardan Qərbdən güzəşt əldə etmək üçün effektiv şəkildə girov kimi istifadə olunub.
Bu "humanitar” əməliyyatlardan bəzilərini təqdim edək.
İranda həbsdə olan Kamran Qaderi və Məsud Mosaheb adlı İran-Avstriya vətəndaşları, eləcə də adı açıqlanmayan Danimarka vətəndaşı ötən həftə Omanın vasitəçiliyi ilə bu yaxınlarda Belçika ilə bağlanmış məhbus mübadiləsi sazişinə əsasən azad ediliblər.
Bir həftə əvvəl isə belçikalı humanitar yardım işçisi Olivye Vandekastil Avropada diplomat olan və 2018-ci ildə Fransada terror təşkil etməkdə təqsirli bilinən iranlı casus Əsədullah Əsədinin azadlığa buraxılması müqabilində ölkəsinə qayıdıb.
Göründüyü kimi, iranlılar problemi olan dövlətlərə təzyiq etmək üçün əcnəbi vətəndaşları girov götürərək ənənəvi "casus” qarayaxmasından istifadə edirlər.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi iyunun 3-də verdiyi bəyanatda öz vətəndaşlarına İrana səfərə getməməyi tövsiyə edib. Həmçinin hazırda İranda olan vətəndaşlardan mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tələb olunub.
Mənbə: Iran International