Son 5 ildə əmək müqavilələrinin sayı 35 faiz artıb
02.06.2023
2018-2023-cü illərdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara postmüharibə dövründə 4760, bu il 260, ümumilikdə ötən dövrdə 13,6 minə qədər mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, ümumilikdə ötən dövrdə 7500-dən çox avtomobil verilib.
"DM"-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov "2018-2023: sosial islahatlar və əldə olunan nailiyyətlər” mövzusunda mətbuat konfransından bildirib.
Onun sözlərinə görə, 2018-2023-cü illərdə əmək müqavilələrinin sayında 35 faiz (və ya 450 mindən çox) artım olub:
"Bu dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 400 min nəfər işlə təmin olunub, 62 min nəfər özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb. Proqrama cəlb olunanların illik sayı 14 dəfə artaraq 16 mini ötüb, 445 min nəfərin peşəyönümü xidmətlərə, 16 min nəfər peşə hazırlığına cəlb edilib".