Dünya çempionatının nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - FOTO
01.06.2023
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatının nümayəndə heyəti - Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu, qurumun baş katibi Seo Jeonqkanq, Türkiyə Taekvondo Federasiyasının prezidenti Metin Şahin və Azərbaycan Taekvondo Federasiyasının rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər.
"DM” xəbər verir ki, rəsmilər ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Ardından Şəhidlər xiyabanına gedən nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Qeyd edək ki, mayın 29-da start götürən dünya çempionatı iyunun 4-də başa çatacaq. Taekvondonun 50, ümummilli liderin 100 illiyinə təsadüf edən mundialda 145 ölkədən 949 idmançı mübarizə aparır.