TÜRKSOY-un baş katibi Azərbaycan Prezidentini təbrik edib
29.05.2023
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Müstəqilliyinin 105-ci ildönümünü qeyd edən Azərbaycan Respublikası Zati-alinizin müdrik və uzaqgörən siyasəti nəticəsində siyasi, iqtisadi və mədəni sahələrdə böyük nailiyyətlər qazanaraq, regionda sülhün və əmin-amanlığın bərqərar olmasını təmin edib.
TÜRKSOY Zati-alinizin təşkilata dəstəyini, ümumtürk mədəniyyətinin təbliğində rolunu, eləcə də Azərbaycan Respublikası ilə əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir.
Bu il 30 illik yubileyini qeyd edən TÜRKSOY ilə Azərbaycan Respublikası arasında yüksək səviyyəli mədəni əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə və Azərbaycanın zəngin mədəni irsinin bundan sonra da təşkilatın beynəlxalq layihələrində layiqincə təbliğ olunacağına əmin ola bilərsiniz.
Bu xoş fürsətdən istifadə edərək, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm”.