UNİCEF: Biz mina qurbanları olmayan Azərbaycan barədə düşünməliyik
26.05.2023
2020-ci ilin noyabrından bəri Azərbaycanda mina partlayışları nəticəsində 302 nəfər həlak olub və yaralanıb, bu, 10 milyon əhalisi olan ölkə üçün çox böyük rəqəmdir.
"DM" xəbər verir ki, bunu Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfransda çıxışında UNİCEF-in Minalarla Mübarizə Mərkəzinin nümayəndəsi Hugues Laurenge deyib.
O bildirib ki, ANAMA ilə UNİCEF arasında məhsuldar əməkdaşlıq var.
Laurenge xatırladıb ki, UNİCEF mina ilə çirkləndirilmiş ölkələrdə risk maarifləndirmə işləri ilə məşğul olur:
"Biz ölümsüz Azərbaycan, mina qurbanları olmayan Azərbaycan barədə düşünməliyik. Bu istiqamətdə çalışmalı, investisiya qoymalı, maarifləndirmə aparmalıyıq. Mina anbarlarının dağıdılması, mina qurbanlarına dəstək vacib məqamlardır. Biz əl-ələ işləməliyik. Minalar icmaların ən kasıb əhalisini hədəf alır. Biz təhsilə əl çatımlılığı olmayanları hədəf almalı, onlarla işləməliyik ki, onlar mina qurbanlarına çevrilməsinlər.
Hər bir azərbaycanlı risk maarifləndirmə kampaniyasında iştirak etməlidir. Risk maarifləndirmə işləri bilik mübadiləsinə və davranış dəyişikliyinə səbəb olur ki, bu da ümumi itkilərin sayının azalmasına təkan verir".
"Biz sülhün bərqərar olmasına investisiya qoymalıyıq. Azərbaycan, Ermənistan və digər ölkələr regionda sülhün bərqərar olmasına səy göstərməlidir".