Azərsu: Suyun qiymətinin artırılması gündəmdə deyil
26.05.2023
Suyun qiymətinin artırılması ilə bağlı məsələ gündəmdə deyil.
"DM"" xəbər verir ki, bunu "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bugünkü brifinqdə vurğulayıb.
"Bununla bağlı Tarif Şurasına müraciət edilməyib" - deyə Anar Cəbrayıllı əlavə edib.
O həmçinin əlavə edib ki, abonentlərin 11%-i sayğaclaşmayıb.
"2023-cü ilin sonuna qədər 100 min əlavə sayğac quraşdırılacaq. Hazırda 197 min abonentimizin sayğacı yoxdur. Bu o demək deyil ki, sudan necə gəldi istifadə edilir. Bu gün 450 min abonentin sayğacı ev və obyektlərin daxilindədir. Onların əksəriyyəti sayğacları oxumaq üçün bizim əməkdaşlar üçün şərait yaratmırlar. Sudan ən çox qanunsuz istifadə edən qəsəbə Türkan və Zirə qəsəbələridir. Bakıətrafı ərazilərdə suların 1/4-i şlanqlarla su çəkir. Aprel ayında saniyədə 11 kub su istehlak olunurdu. Hazırda bu rəqəm 13,85 kubdur. Yay doğru isə bu rəqəm saniyədə 15 kubu ötəcək. Buna səbəb əkin, biçin və s.dir", - deyə Anar Cəbrayıllı qeyd edib.