03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

QHT-lər Ermənistanda əsir saxlanılan Azərbaycan əsgərləri ilə bağlı çağırış ediblər - FOTO

26.05.2023

Bu ilin aprel ayında Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinin azad edilərək Azərbaycan tərəfinə verilməsinə dair beynəlxalq təşkilatlara çağırış edilib.

"Report” xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyində keçirilən "Qarabağ İtkin Ailələri” İctimai Birliyinin mətbuat konfransında bildirilib.

Konfransda təşkilata üzv olan itkin düşmüş 15 şəxsin ailə üzvləri və müharibə qurbanları sahəsində fəaliyyət göstərən QHT nümayəndələri iştirak edib.

"Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova təşkilatın yaranması və fəaliyyət istiqamətləri barədə məlumat verib.

Onun sözlərinə, əsas məqsəd Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş şəxslərin və onların ailələrinin hüquqlarını müdafiə etmək, itkin düşmüş, əsir və girov götürülmüş şəxslərə dair məlumatların toplanması, onların Vətənə qaytarılmasına dəstək verilməsidir:

"Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində, I Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 nəfər yaşlı insanın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar var”.

İctimai Birliyin sədri diqqətə çatdırıb ki, itkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyənləşdirilməsinə mane olan digər səbəb isə işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlarla çirkləndirilməsidir:

"Təşkilat əsir-girovluqdan azad edilmiş vətəndaşlarımıza erməni təcavüzkarları tərəfindən tətbiq olunmuş işgəncə, zorakılıq və qeyri-insani rəftara dair faktların sənədlər vasitəsilə dünya ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə çatdırmaqla onların diqqətini müharibə qurbanlarının hüquqlarının qorunmasına yönəltməyi əsas vəzifələrdən biri kimi nəzərdə tutur”.
Tədbirdə itkin düşmüş şəxslərin ailələri çıxış ediblər və jurnalistlərin suallarını cavablandırıblar.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Ermənistan məhkəməsi Aqşin Bəbirovu qanunsuz olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.