Zaxarova Paşinyanın Qarabağla bağlı bəyanatına münasibət bildirib - VİDEO
24.05.2023
"Dövlət strukturunun siyasi baxışı ilə bağlı bu cür bəyanatlar vermək Ermənistanın və onun xalqının səlahiyyətləri daxilindədir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Nikol Paşinyanın "Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır” bəyanatına münasibət bildirərkən deyib.
"Rusiya məsələnin nizamlanmasında vasitəçidir və bu baxımdan bizim üçün dövlətin - indiki halda Ermənistanın bu mövzuda konkret mövqeyi vacibdir”, - deyə o bildirib.
"Biz Paşinyanın bəyanatını Praqa sammitində tutduqları mövqenin təsdiqi kimi nəzərdən keçiririk. O zaman Fransa və Aİ ilə birgə bəyanat qəbul edildi və 1991-ci il Alma Ata Bəyannaməsinə istinad edildi. Hansı ki, həmin bəyannamədə keçmiş sovet respublikaları arasındakı inzibati sərhədlər dövlətlərarası sərhədlər kimi tanınır. Praqa razılaşması Bakı və İrəvan arasındakı danışıqlar prosesinə yeni çərçivələr verdi. Bir daha qeyd edirəm ki, Praqadakı görüşün iştirakçıları Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqı olub. Eləcə də qeyd edirik ki, Ermənistan baş naziri Nikol Paşinyanın son dedikləri Ermənistanın özündə və Qarabağda, əlbəttə ki, birmənalı reaksiya doğurmayıb”, - deyə Zaxarova qeyd edib.
Mariya Zaxarova, həmçinin Azərbaycan və Ermənistan arasındakı sülh sazişi layihəsi ilə bağlı da danışıb. O qeyd edib ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında Moskvada keçirilən danışıqların son raundu tərəflər arasında anlaşmanın yaxşılaşmasına və bir sıra məsələlər üzrə mövqelərinin yaxınlaşmasına imkan verib.