Bayramov ATƏT PA-nın prezidenti ilə Ermənistanla sülh prosesini müzakirə edib
24.05.2023
Mayın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak məqsədilə ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfeltin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə ATƏT Parlament Assambleyasında Azərbaycanla münasibətlərin əməkdaşlıq perspektivləri və gündəlikdə duran əsas məsələlər, ATƏT Parlament Assambleyasının Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə mümkün töhfələri ətrafında müzakirələr aparılıb.
Azərbaycan Respublikası Milli Məclisinin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq konfransın qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Parlamentlərarası dialoqun və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, ölkəmiz tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq layihələri barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın təxribatlarına və prosesləri ləngitmək səylərinə baxmayaraq bölgədə sülh və sabitliyin təmini istiqamətində, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib.
Bununla yanaşı, davam edən mina təhdidləri, Üçtərəfli bəyanat çərçivəsində Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi, aprel ayında əsir götürülmüş azərbaycan hərbçilərinə qarşı zorakılıq və onların qaytarılmaması, itkin düşmüş şəxslər barədə məlumat verilməməsi kimi məsələlərə diqqət çəkilib.
ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt ölkəmizə səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə Zəngilan rayonuna səfər etdiklərini və Azərbaycan tərəfindən yenidən qurma layihələri ilə yaxından tanış olduqlarını diqqətə çatdırıb. ATƏT Parlament Assambleyasının Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edən M.Sederfelt, həmçinin regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyindən söz açıb, ATƏT Parlament Assambleyasının sülhü, sabitliyi, parlament diplomatiyasını təşviq ediyini, regionda sülhün təmin olunması istiqamətində çalışdığını vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.