Azərbaycan-Rumıniya Hökumətlərarası Komissiyanın iclasında protokol imzalanıb - FOTO
23.05.2023
Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclası keçirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iclasda iştirak etmək üçün Rumıniyada səfərdə olan Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Buxarestdəki Tey Parkı - Heydər Əliyev Xiyabanına gələrək Ümummilli Liderimiz Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Nümayəndə heyəti Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke ilə görüşüb. Görüşdə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rolu qeyd olunub, müxtəlif sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Habelə iki ölkə arasında ticari, investisiya və sosial əməkdaşlığın əhəmiyyəti qeyd edilib, nəqliyyat sahəsində layihələrin genişləndirilməsinin və birbaşa uçuşların həyata keçirilməsinin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verə biləcəyi vurğulanıb.
Müştərək Komissiyanın fəaliyyətindən, növbəti iclasın gündəliyində dayanan məsələlərin önəmindən bəhs olunub.
Komissiyanın 7-ci iclasında Sahil Babayev ölkələrimiz arasında əlaqələrin ildən-ilə inkişafda etməkdə olduğunu, ötən il də iki ölkə arasında ticarət dövriyyəsinin 2,4 dəfə artdığını, əlaqələrin genişləndirilməsinin əsas prioritet olduğunu bildirib.
Komissiyanın Rumıniya tərəfindən həmsədri, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verdiklərini, bu sahədə hər iki tərəfdən önəmli işlər aparıldığını diqqətə çatdırıb.
Rumıniyanın iqtisadiyyat naziri Florin Marian Spataru və Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budainin də iştirak etdiyi iclasda enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə, Rumıniyanın Qara dəniz sualtı elektrik enerjisi və rəqəmsal əlaqə layihəsində iştirakına, eləcə də nəqliyyat, sosial, kənd təsərrüfatı, təhsil, humanitar, infrastruktur, inşaat və s. sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinə dair müzakirə aparılıb.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Konstansa dəniz limanı arasında əməkdaşlığın genişləndirilməsinin, nəqliyyat baxımından əlverişli ərazidə yaradılmış Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti qeyd edilib.
Sonra Komissiyanın 7-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənəddə iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq prioritetləri əksini tapır.
İclas çərçivəsində iki ölkənin sahibkarlarının iştirakı ilə Rumıniya-Azərbaycan biznes forumu keçirilib. Biznes forumda Azərbaycan tərəfindən 14, Rumıniya tərəfindən 25 qurum və şirkət iştirak edib.
Çıxışlar zamanı ötən dövrdə Bakıda və Buxarestdə 5-dən çox biznes forum və işgüzar görüşlərin keçirildiyi, bu tədbirlərin, keçirilən təqdimatların Azərbaycan və Rumıniya iş adamları arasında ikitərəfli işgüzar əlaqələrin yaradılması və genişləndirilməsində xüsusi önəm kəsb etdiyi vurğulanıb.