Litvalı nazir: “Azərbaycanla əməkdaşlıqda böyük potensial görürük”
22.05.2023
"Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün böyük potensial görür, bu ölkə ilə ən qabaqcıl təcrübələrini və nailiyyətlərini fəal şəkildə bölüşməyə sadiqdir”.
"Report”un Vilnüsə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Litvanın iqtisadiyyat və innovasiyalar naziri Auşrine Armonayte bu gün Vilnüsdə Litva-Azərbaycan biznes forumunun açılışında bildirib.
O, bugünkü tədbirin müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacağını qeyd edib.
"Azərbaycan Prezidentinin ölkənin işgüzar dairələrindən ibarət nümayəndə heyətinin müşayiəti ilə səfəri ikitərəfli iqtisadi gündəliyi intensivləşdirmək üçün qarşılıqlı niyyətimizin əyani təsdiqidir”, - nazir deyib.
Onun sözlərinə görə, Litvanın qarşısında duran əsas məqsədlərdən biri ixrac bazarlarının şaxələndirilməsidir:
"Bu məqsəd bizə iqtisadiyyatlarımızı və ticarətimizi birləşdirməyə kömək edə, daha çox birgə layihələrə, daha yaxşı ticarət göstəricilərinə və kadr mübadiləsinə yol aça bilər”.