Biləsuvarda 24 küçəyə şəhidlərin adı verilib
22.05.2023
Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Biləsuvar rayonunda küçələrə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəxslərin adları verilib.
Bu barədə "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq rayon icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, şəhidlərin adlarının verildiyi küçələr şəhərin mərkəzi və eləcə də ətraf kəndlərini əhatə edir. Beləliklə, yeni adlandırılan 24 küçədən 12-si rayon mərkəzində, digərləri isə ətraf kəndlərdə yerləşir.
Qeyd edək ki, göstərdikləri igidlik, şücaət və qəhrəmanlıqları ilə tarix yazan şəhidlərin xatirəsi hər zaman böyük ehtiramla yad olunur. Şəhidlərin xatirələrinə ehtiram əlaməti olaraq, onların adına bulaqlar açılır və abidələr ucaldılır. Eyni zamanda, onların adı məktəblərə, küçələrə verilir və beləliklə, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların adları əbədiləşdirilir.