Lavrov Rusiya ilə Azərbaycan arasında həyata keçirilən layihələr barədə danışıb
19.05.2023
Rusiya və Azərbaycan Prezidentləri Vladimir Putin və İlham Əliyev arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsini hədəflədiyimizi bir daha vurğulamaq istəyirəm.
"DM" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşünün protokol hissəsində deyib.
Lavrov iki ölkə arasında həyata keçirilən layihələr barədə danışıb.
"Maraqlı layihələrin sırasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi bizim liderlərimiz və bu layihədə maraqlı olan digər ölkələrin iştirakı ilə müzakirə olunub. Belə layihələrin sayı az deyil. Buna görə də hesab edirəm ki, yaxın zamanda keçiriləcək görüşdə bu və digər layihələr üzərində işlərin həyata keçirilməsi haqda razılıqlar əldə olunacaq”, - Lavrov deyib.
XİN başçısı Rusiyada bu yaxınlarda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən silsilə tədbirlərin keçirildiyinə də diqqət çəkib.
"Bir daha qeyd etmək istəyirəm ki, bu həftənin əvvəlindən etibarən Moskvada Sovet İttifaqının və Azərbaycanın dahi siyasi xadimi , ölkələrimizi bir-birinə həqiqətən birləşdirən amil olan Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən silsilə tədbirlər həyata keçirilməyə başlanıb. Bu münasibətlə də sizin ölkəmizdəki səfirliyinizin bu tədbirlərin həyata keçirilməsində sıx əməkdaşlığına görə təşəkkür edirəm”, - o deyib.
Ölkələrimiz arasında ticarət əlaqələrinin yüksəldiyi, investisiya qoyuluşunun artdığını vurğulayan XİN başçısı hər iki ölkənin şirkətlərinin əlavə planları olduğunu deyib.
"Bu məsələləri və fikirləri müzakirə edib günün ikinci yarısında Ermənistandan olan həmkarımızın iştirakı ilə keçiriləcək üçtərəfli görüşə hazırlaşacağıq”, Sergey Lavrov bildirib.