Yeni dünya düzəni qurulur: Rusiya yoxdur?
18.05.2023
Tarixi və simvolik günlər yaşayırıq. Məhz bu günlərdə biz siyasi gerçəkliyi və yeni dünya düzəninin konturlarını açıq aydın görə bilərik.
19-21 may tarixlərində Yaponiyanın Xirosima şəhərində Hindistan, Braziliya, Avstraliya, İndoneziya və Cənubi Koreyanın da iştirakı ilə "Böyük yeddilik” (G7) sammiti keçiriləcək.
18-19 may tarixlərində də Çinin Sian şəhərində ilk "Çin-Mərkəzi Asiya" sammiti keçiriləcək. Sammitdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Çin iştirak edəcək.
2014-cü ilə qədər Rusiya "Böyük səkkizlər" platformasının əsas söz sahiblərindən biri idi. 2014-cü ildə Krımın işğalına görə Rusiya bu qurumdan qovuldu və Qərbdən uzaqlaşmağa, siyasi istiqamətini Şərqə çevirməyə başladı.
24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı müharibəyə start verməsi onun Qərb dünyasında istənilən formada yer almasına son qoydu. Müharibə zamanı Rusiyanın böyük uğursuzluqlarla üzləşməsi isə onu Şərqdə söz sahibliyindən məhrum etdi.
Hazırkı sammitlərlə gəlincə qeyd etmək lazımdır ki, BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) platformasında təmsil olunan və Rusiya ilə sıx siyasi, iqtisadi və hərbi əlaqələrlə fərqlənən Braziliya və Hindistan Rusiyanın zəifliyini görərək ondan uzaqlaşmağa qərar verərək, siyasi istiqamətlərini Qərbə çeviriblər.
Mərkəzi Asiyaya isə ümumiyyətlə post-sovet məkanıdır və ənənəvi olaraq Rusiyanın geosiyasi təsir dairəsi hesab olunurdu, bu gün bu region ölkələrinin siyasi, iqtisadi və hərbi müstəvidə əməkdaşlıq üçün "böyük qardaş" rolunda Çini görməyi azmış kimi, Rusiya ilə gələcəyə yönəlmiş strateji məsələlərin müzakirəsi üçün heç bir masaya oturmurlar.
Bu gün və sabah keçiriləcək sammitlər yeni dünyanın konturlarını bizə aydın göstərir və görünən odur ki, yeni dünyada heç kim Rusiyanı söz sahibi kimi qəbul etmir.