Ali Məhkəmə ilə Milli Aviasiya Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb
17.05.2023
Mayın 17-də Azərbaycan Respublikasının Ali Məhkəməsi və Milli Aviasiya Akademiyası arasında hüquq sahəsində nəzəri və təcrübi biliklərin artırılmasına dair birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Memorandumun məqsədi tərəflər arasında əməkdaşlıq çərçivəsində Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsində təhsilalanların hüquqşünaslıq ixtisasına yiyələnməsinə, peşə potensialının hərtərəfli inkişaf etdirilməsinə, peşəkar hüquqşünas kimi yetişməsinə dəstək olmaqdır.
Memoranduma əsasən, hüquqşünaslıq ixtisası üzrə təhsilalanların Ali Məhkəmə Aparatının struktur bölmələrində təcrübə keçməsi, birgə ölkə əhəmiyyətli və beynəlxalq elmi konfrans, dəyirmi masa, seminar, təlim kursları, görüş və simulyasiyaların (müsabiqələrin) keçirilməsi, ortaq dərs vəsaitləri, elmi məqalələr, tədris-metodiki vəsait və nəşrlərin hazırlanması, hüquq tətbiqi fəaliyyətində daha çox rast gəlinən problemlərin həlli məqsədilə elmi-praktik araşdırmaların aparılması nəzərdə tutulur.
Memoranduma, həmçinin Ali Məhkəmənin hakimlərinin və struktur bölmələrinin elmi dərəcəyə malik əməkdaşlarının Milli Aviasiya Akademiyasında hüquqşünaslıq ixtisası üzrə təhsilalanların hazırlığı prosesində iştirak etməyə cəlb olunması daxildir.