Gəncədə dəhşətli partlayış: Ölənlərin sayı artır - VİDEO
20.11.2018
Gəncə şəhərində dördmərtəbəli binada partlayış olub.
"Dövran Media" xəbər verir ki, hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.
Nəticədə 3-cü blokun bir hissəsi çöküb.
İlkin məlumatlara görə, dağıntılar altında qalanlar var.
Ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb.
Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara görə bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılılb.
Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə şəhərində yaşayış binalarından birində baş vermiş partlayışla bağlı məlumat yayıb.
"Bu gün səhər saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olması barədə məlumat daxil olub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
İlkin məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib" – məlumatda bildirilib.
***
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəsmisi Səfayə Əhmədova açıqlamasında dağıntı zamanı ölən və yaralanan şəxslərin hərbçi olduğunu bildirib. Onun sözlərinə görə, yaralı hərbçi Gəncədəki hərbi hospitala yerləşdirilib.
***
FHN Gəncədəki partlayışla əlaqədar növbəti dəfə məlumat yayıb.
"Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti tapılmış, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və regionda olan Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvanda xilasetmə işlərini həyata keçirirlər. Axtarış işlərinin sürətləndirilməsi üçün əlavə olaraq Nazirliyin Xüsusi Ruskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloji qrupu xüsusi təlim keçmiş itlərlə Aviasiya dəstəsinin helikopteri ilə Bakıdan Gəncə şəhərinə gətirilib.
Əlavə məlumat veriləcək" - məlumatda qeyd olunub.
***
Gəncə Şəhər İH-nin mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində ölən və yaralanan hərbçilər həmin binada kirayə qalırmış.
Həmçinin bildirilib ki, uçqun zamanı 4 mənzildə dağıntılar qeydə alınıb. Onlardan 2-də yaşayış olmayıb.
***
Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov, nazirliyin digər vəzifəli şəxsləri və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hadisə yerində olub, oradakı vəziyyət və axtarış-xilasetmə işləri ilə maraqlanıblar.
Kəmaləddin Heydərov qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olub, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.
***
Gəncə Şəhər İH-dən Axar.az-a verilən məlumata görə, partlayış zamanı dağıntılar altında qalan daha iki nəfərin - 50 yaşlı qadın və onun 25 yaşlı oğlunun meyiti çıxarılıb. Onların şəxsiyyəti müəyyənləşdirilir.
***
"Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş qəza hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha iki nəfərin, 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun meyiti tapılaraq çıxarılıb.
Ümumilikdə, ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər yaralı vəziyyətdə aşkar edilərək xilas edilib.
Əməliyyat davam edir" - FHN-dən bildirilib.