Bakıda keçiriləcək dünya çempionatında 145 ölkə iştirak edəcək
16.05.2023
Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına iştirakçıların qeydiyyatı başa çatıb.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov açıqlayıb.
O, bu gün dünya çempionatına hazırlıqla bağlı təşkil olunan mətbuat konfransında bildirib ki, yarışa qatılacaq ölkələrin sayında dəyişiklik olub. Azərbaycandakı mundialda 145 komanda mübarizədə aparacaq.
Bu, dünya çempionatları tarixində yeni rekorddur. Apasport.az saytı 2009-cu ildə Danimarkanın paytaxtı Kopenhagendə 140 ölkə təmsilçisinin iştirakı ilə keçirilən yarışdakı rekordun qırılacağını öncədən xəbər verib. Həmin vaxt bu rəqəm 143-ə bərabər idisə, artıq iştirakçı ölkə sayı 145-ə yüksəlib. İdmançıları ilə bağlı araşdırmalar başa çatan Rusiya və Belarus yığması da Bakıda təmsil olunacaq.
Vitse-prezident qeyd edib ki, ölkəmizdə təşkil olunacaq yarışda 986 taekvondoçu dayanq üzərinə çıxacaq. Ümumdünya Taekvondo Federasiyasının 50 illik yubileyinə təsadüf edən çempionatda ümumilikdə 190 ölkədən 2000-ə yaxın qonaq ölkəmizə gələcək.
Federasiya rəsmisi ötən il Meksikanın Qvadalaxara şəhərində keçirilən turnirdə 120-dən artıq ölkənin mübarizə apardığını xatırladıb. Həmin yarışda 776 taekvondoçu dayanq üzərinə çıxıb.
Hazırlıqlarla bağlı Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun rəhbərliyi ilə Təşkilat Komitəsinin ikinci iclası da keçirilib. Toplantıda yeniliklərlə bağlı danışılıb, iş planı müzakirə edilib, çempionat çərçivəsində həyata keçəcək digər tədbirlər barədə məlumat verilib.
Tədbirin sonunda dünya çempionatı ilə bağlı videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 6-dək keçiriləcək. Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşəcək.