23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İdris İsayev: Orta ixtisas təhsili ali təhsilin pilləsi kimi olmayacaq

16.05.2023

"Bizim qanunvericilikdə orta ixtisas pilləsi anlayışı var. Lakin dünyanın heç bir ölkəsində orta ixtisas təhsil pilləsi yoxdur".

"DM" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev "Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin açılış mərasimində deyib.

O bildirib ki, Avropa kvalifikasiyaları çərçivəsində orta ixtisas təhsili ya natamam ali, ya da qısamüddətli ali təhsil adlanır:

"Təbii ki, biz bu faktorları nəzərə almalıyıq. Çünki bu çərçivəni qəbul ediriksə, ilk növbədə kvalifikasiyaların tanınmasına şərait yaratmalı, kvalifikasiyalar üzrə təhsil səviyyələrinin düzgün müəyyənləşdirilməsinə öz müsbət təsirini etməlidir. Ona görə də yanaşmamızı dəqiqləşdirməliyik.

Onu da qeyd edim ki, Milli Məclisdə "Ali təhsil haqqında" Qanun layihəsi müzakirə edilir. Orada maddələrin birində ali təhsilə aid edilən kvalifikasiyalar maddəsi var. Biz həmin maddədə 5-ci səviyyəni ali təhsilə aid edilən kvalifikasiya səviyyəsi kimi müəyyən etmişik. Dünyada da qəbul edilən bir yanaşmadır. Düşünürəm ki, qanun qəbul ediləcəyi halda, ali təhsilin pilləsi kimi orta ixtisas təhsil pilləsi olmayacaq".

Nazir müavini qeyd edib ki, ikinci məsələ yüksək texniki peşə səviyyəsi ilə bağlıdır:

"Burada bir qədər qeyri-müəyyənliklər var. Qısamüddətli ali təhsil proqramlarının tədrisi subbakalavr peşə səviyyəsinin verilməsi ilə başa çatır. Bildiyiniz kimi, bizim peşə təhsilimizdə qanuna görə 3 səviyyə mövcuddur: İlk peşə, texniki peşə və yüksək texniki peşə. Yüksək texniki peşə səviyyəsi də subbakalavr peşə ixtisasının verilməsi ilə başa çatır. Bu layihə çərçivəsində müəyyənləşdirilməsi lazım olan məsələlərdən biri də yüksək texniki peşə səviyyəsi üzrə verilən bacarıqların kvalifikasiyalar çərçivəsində 5-ci səviyyəyə aid olub-olmadığını müəyyənləşdirməliyik. Bu gün mövcud olan qaydalarımızda yüksək texniki peşə pilləsinin hansı kvalifikasiya səviyyəsinə aid olduğu müəyyən edilməyib. Bildiyim qədərilə 40-a yaxın kvalifikasiya hazırlanacaq. Bunlardan 30-u qısamüddətli ali təhsil, 10-u isə yüksək texniki peşə proqramlarına aiddir".