Tənzilə Narbayeva: Heydər Əliyevin Özbəkistan qarşısında xidmətləri unudulmur
16.05.2023
"Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisidir”.
"DM"-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva bildirib.
Tənzilə Narbayeva deyib ki, Heydər Əliyev böyük vətənpərvər olub, həmişə azərbaycanlı olması ilə fəxr edib: "Heydər Əliyevin unikal liderlik keyfiyyəti, qətiyyəti sayəsində Azərbaycan xalqı problemlərini həll etməyi bacarıb. Azərbaycan çox qısa dövrdə beynəlxalq arenada böyük nüfuz qazanıb. Qısa dövrdə böyük islahatlar keçirilib və bir çox xalqlar bu təcrübədən yararlanmağa çalışır. Sevindirici haldır ki, Prezident İlham Əliyev atasının yolu ilə Azərbaycanın uğurlu inkişafını davam etdirir”.
Tənzilə Narbayeva vurğulayıb ki, Heydər Əliyevin Özbəkistan qarşısında xidmətləri unudulmur: "Heydər Əliyevin adına Özbəkistanda küçə var, barelyefinin açılışı olub. Özbəkistanda da Heydər Əliyevin 100 illiyi qeyd olunur, silsilə tədbirlər keçirilir. Bu, özbək xalqının Heydər Əliyevə qarşı böyük ehtiramının göstəricisidir. Heydər Əliyevin xatirəsi özbək xalqının qəlbində daim yaşayacaq”.