Sahibə Qafarova Fransa səfirinə ölkəsinin Azərbaycana qərəzli yanaşdığını bildirib
11.05.2023
Fransa rəsmilərinin və siyasətçilərinin Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə açıq şəkildə Ermənistana dəstəyini ifadə edən, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və ermənipərəst siyasətini göstərən bəyanatlarının Azərbaycan ictimaiyyətinin haqlı və ciddi narazılığına səbəb olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bunu parlamentin sədri Sahibə Qafarova Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayonla görüşdə bildirib
Spiker bu kimi təxribatçı bəyanatların ikitərəfli münasibətlərimizə mənfi təsir göstərdiyini qeyd edib. Spiker, bu çərçivədə Fransa Senatında və Milli Assambleyada qərəzli qətnamələrin qəbul edilməsini pisləyib. Sahibə Qafarova xatırladıb ki, 2022-ci ilin noyabrında Milli Məclis tərəfindən Fransa Senatında və Milli Assambleyada Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsini pisləyən Bəyanat qəbul edilib və parlamentarilərimiz Fransanın rayon və şəhərlərinin nümayəndələrinin, Milli Assambleya və Senat üzvlərinin təxribat xarakterli fəaliyyətinə və bəyanatlarına öz narazılıqlarını bildiriblər.
Spiker Sahibə Qafarova Fransanın Avropa və Xarici İşlər Naziri Ketrin Kolonnanın regiona son səfəri, Laçın yolu ilə bağlı Ermənistanda verdiyi bəyanatlar, həmçinin Fransanın ictimai radiosuna verdiyi müsahibədə səsləndirdiyi iddiaları da qəbuledilməz adlandırıb. Onun fikrincə, bu kimi qeyri-obyektiv fikirlər göstərir ki, Fransa bu məsələdə birtərəfli, qərəzli mövqeyini davam etdirir. Hamıya aydın olmalıdır ki, Qarabağ regionu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir və ölkəmizin ayrılmaz hissəsidir.
Səfir Ann Buayon görüşə görə minnətdarlığını bildirib. O, Azərbaycanda diplomatik fəaliyyətə başlayandan sonra keçirdiyi görüşlər barədə məlumat verib.
Səfir, ölkələr arasında münasibətlərdə qanunvericilik orqanlarının mühüm rolunu qeyd edib, parlamentarilərin qarşılıqlı əlaqələrinin əhəmiyyətini vurğulayıb. O, Fransa parlamentində qəbul olunan sözügedən qətnamələrin hökumət tərəfindən dəstəklənmədiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.