Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2023" beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə səfərə gedib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov təlim çərçivəsində keçiriləcək "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələrinin cəlb olunduğu təlim ölkəmizlə yanaşı, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İngiltərə nümayəndələrinin iştirakı ilə keçirilir.
"Anadolu Qartalı - 2023" beynəlxalq taktiki-uçuş təlimində ABŞ, Avstraliya, Efiopiya, Mərakeş Krallığı, Fransa, Gürcüstan, İsveç, Qırğızıstan, Şimali Makedoniya, Liviya, Malayziya və İordaniya Krallığının nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.
"DM” xəbər verir ki, Z.Həsənov qardaş ölkənin milli müdafiə naziri Hulusi Akarla görüşəcək.
İki nazir Konya şəhərində yerləşən "Anadolu qartalı” Tədris Mərkəzində "Anadolu Qartalı-2023” təlimlərini izləyəcək.
Qeyd edək ki, "Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimləri aprelin 27-də başlayıb.
Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri təlimlərdə iştirak edirlər.