Böyük Britaniyanın Lordlar Palatasında Heydər Əliyevin xatirəsi anılıb
10.05.2023
Londonda səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonla görüşüb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Lordlar Palatasında baş tutan görüşün məhz ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə təsadüf etməsinin rəmzi məna daşıdığı vurğulanıb.
Görüşdə həmçinin iki ölkə arasında təhsil sahəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib, xaricdə təhsil üzrə dövlət proqramları çərçivəsində Böyük Britaniya ali təhsil müəssisələrinin Azərbaycan vətəndaşlarının üstünlük verdiyi universitetlər siyahısında yer aldığı bildirilib.
Bununla yanaşı, ümumi, ali təhsil və tədqiqat sahələrində əməkdaşlığın inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov da iştirak edib.