İstanbulda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb
10.05.2023
İstanbulda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, İstanbulun Maslak rayonunda Heydər Əliyev parkında Azərbaycanın Baş konsulluğu tərəfindən təşkil edilən mərasimdə Baş Konsul Nərminə Mustafayeva, Türkiyə Xarici İşlər Nazirliyinin İstanbul Təmsilçiliyinin rəhbəri səfir Ayşə Usluər, Baş Konsulluğun əməkdaşları, millət vəkilləri, ictimai xadimlər və media nümayəndələri iştirak edib.
Açılış nitqi ilə çıxış edən Nərminə Mustafayeva Heydər Əliyevin müasir Azərbaycan tarixində oynadığı roldan bəhs edib. O qeyd edib ki, Heydər Əliyev xalqın çağırışı ilə hakimiyyətə gəldikdə dövləti parçalanmaqdan qoruyub, onun inkişafı yolunda mühüm addımlat atıb və hər zaman ölkəsinin maraqlarını qoruyub.
Türkiyə Xarici İşlər Nazirliyinin İstanbul Təmsilçiliyinin rəhbəri səfir Ayşə Usluər öz növbəsində ümummilli liderin Türkiyə-Azərbaycan münasibətlərinə töhfəsindən danışıb. Səfirin sözlərinə görə, Heydər Əliyev bütün Türk dünyası üçün böyük lider olub.
Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım isə Heydər Əliyev faktorunun bütün bölgə üçün əhəmiyyətli olduğunu vurğulayıb.