Dövlət Komitəsi: “Bölgələrdə uşaq sığınacaqları yaradılacaq”
10.05.2023
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bölgələrdə uşaq sığınacaqlarının yaradılması ilə bağlı tədbirlərini davam etdirir”.
"DM"-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında komitə sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, komitə səlahiyyətləri çərçivəsində tədbirlər görür:
"Bu istiqamətdə təkcə bizim komitə deyil, bütün aidiyyəti qurumlar əlaqələndirilmiş fəaliyyətlə məşğuldur. Uşaq hüquqlarının müdafiəsi, çətin şəraitdə olan uşaqların vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstəririk. Biz əlaqələndirməni həyata keçirən bir orqan kimi prosesi daim diqqətdə saxlayır, dövlət orqanlarını və beynəlxalq qurumları məlumatlandırırıq.
Bizim komitə BMT yanında səkkiz komitənin ikisində dövri hesabatlarla çıxış edir. Hazırda da komitə həm uşaq hüquqları, həm də ayrı-seçkiliklə əlaqədar qarşımıza qoyulmuş öhdəliklə bağlı tövsiyələr və hesabat hazırlayır. O öhdəliklərdən biri də sığınacaqların yaradılmasıdır. Bununla bağlı dövlət proqramları da var. Həmin proqramlar çərçivəsində bölgələrdə sığınacaqların yaradılması nəzərdə tutulur”.
O qeyd edib ki, ötən il ikisi azad edilmiş ərazilərdə olmaqla, beş ailə mərkəzinin tikinti işləri davam edir:
"Artıq layihə-smeta sənədləri hazırdır. Biz tikintiyə başlamaq ərəfəsindəyik. Yaxın vaxtlarda beş mərkəz istifadəyə veriləcək”.