XİN rəhbəri: Bəlli bir fasilədən sonra Brüsseldə liderlərin görüşü müsbət bir haldır
10.05.2023
Qarşıda gözlənilən Brüssel danışıqları Azərbaycan-Ermənistan normallaşma prosesinin tərkib hissəsidir.
"DM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Ümumilikdə biz bu prosesi müsbət qiymətləndiririk. Müxtəlif səbəblərdən danışıqlar prosesində ləngimələr olur. Azərbaycanın bu məsələyə yanaşması hər zaman davamlı və ardıcıldır.
Azərbaycan münasibətlərin normallaşmasının tərəfdarıdır. Təəssüf ki, zaman-zaman Ermənistan tərəfindən qeyri-ardıcıl yanaşmalar, fikirlər səsləndirilir. Sülh danışıqları ilə bağlı 6 aya yaxın fasilə olub. Bu danışıqlar beynəlxalq vasitəçilərin rolu ilə yenidən baş verib. Bəlli bir fasilədən sonra liderlərin görüşü müsbət bir haldır. Yəqin ki, danışıqlar və onun nəticələrini gözləməyə çox qalmayıb", - o əlavə edib.