“Roots of Peace” ANAMA ilə əməkdaşlıq etmək istəyir
09.05.2023
"Sülhün kökləri” ("Roots of Peace”) beynəlxalq humanitar təşkilatı Qarabağda minatəmizləmə əməliyyatlarına yardım etmək məqsədilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə əməkdaşlıq etmək istəyir.
"Report”un Qarabağ bürosunun məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında "Sülhün kökləri” beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Haydi Kün bildirib.
O, dağıntıların miqyasını öz gözləri ilə görmək üçün Qarabağa ikinci dəfə səfər etdiyini qeyd edib. H.Kün azad edilmiş ərazilərdə gördüklərini "vəhşiliyin sübutu” adlandırıb.
"Qarabağ bir vaxtlar qara bağ kimi tanınırdı. Bura üzüm bağları ilə əhatə olunmuş gözəl yer idi. Bu gün qara bağ deyəndə minaların yaratdığı dağıntıların toxumu başa düşülür”, - o söyləyib.
H.Kün həyatlarını riskə ataraq əraziləri minalardan təmizləyən ANAMA əməkdaşlarının fədakarlığına, eləcə də Qarabağda aparılan genişmiqyaslı bərpa işlərinə heyran qaldığını qeyd edib.