Bu gün Topçubaşovun doğum günüdür
04.05.2023
Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov və ya Əlimərdan bəy Topçubaşi 4 may 1862-ci ildə Tiflisdə doğulub, 8 noyabr 1934-cü ildə Paris-də vəfat edib.
Dahi şəxsiyyət Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci xarici işlər və portfelsiz naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü, Bakı Müsəlman İctimai Təşkilatları Şurası İcraiyyə Komitəsinin sədri, Nicat Cəmiyyətinin sədri, Rusiya imperiyası I Dövlət Dumasında Müsəlman fraksiyasının sədri, Rusiya imperiyası I Dövlət Dumasının üzvü, İttifaqi-Müslimin Partiyasının sədri, Bakı Şəhər İdarəsinin rəisi, Bakı Şəhər Dumasının üzvü, Kaspi qəzetinin baş redaktoru.
Əlimərdan bəy Topçubaşov 1896-cı ildən sonra Bakı Şəhər Dumasının üzvü seçilmiş və oradakı fəaliyyəti ilə Bakıda tanınmağa başlamışdır. I Dövlət Dumasına üzv seçilməsi, Ümumrusiya Müsəlmanlar Qurultaylarında iştirak etməsi onu daha da məşhurlaşdırmışdır. 1917-ci ildən etibarən Azərbaycanın azadlığı uğrunda fəaliyyət göstərməyə başlayan Əlimərdan bəy İctimai Təşkilatların Şurasının sədri seçilmiş və Müsavat Partiyası ilə hazırlanan ortaq siyahı üzrə həm Bakı Şəhər Dumasına, həm də Ümumrusiya Müəssislər Məclisinə üzv seçilmişdir. Ümumrusiya Müəssislər Məclisinin ləğv olunmasından sonra təsis olunmuş Zaqafqaziya Seyminin, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının üzvü olmuşdur.
1918-ci ildə Əlimərdan bəy Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri tərəfindən İstanbula fövqəladə səlahiyyətli səfir və nazir olaraq ezam olunmuş və burada başda VI Mehmed olmaqla bir sıra yerli və beynəlxalq əhəmiyyətli görüşlər keçirmişdir.
1918-ci ilin 7 dekabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışında yekdilliklə parlamentin sədri seçilən Əlimərdan bəy sonrakı iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına göndərəcəyi Nümayəndə Heyətinə üzv və sədr seçilmişdir.
1919-cu ildə bir sıra maneələrdən sonra Parisə çatan Əlimərdan bəy burada Azərbaycanın de-fakto və de-yure tanınması üçün bir sıra vacib görüşlər keçirmişdir. Bunlardan ən vacibi isə Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilsonla olan görüş olmuşdur. Əlimərdan bəy Amerika Birləşmiş Ştatlarının prezidenti ilə görüşən ilk azərbaycanlılardan biri və ilk azərbaycanlı dövlət xadimi olmuşdur.
1919-cu ilin yanvar ayının 14-də Azərbaycan Paris Sülh Konfransı tərəfindən de-fakto tanınmış, yanvar ayının 15-də isə müvafiq sənədlər Əlimərdan bəyə təqdim olunmuşdur.
Aprel işğalından sonra Parisdə mühacir həyatına başlayan Əlimərdan bəy işğalla bağlı 1 həftə sonra məlumat ala bilmişdir. Ölümünədək mühacir həyatı yaşayan Azərbaycanın azadlığı və Qafqaz respublikalarının birliyi üçün çalışan Əlimərdan bəy səfalət içində yaşamış, 1934-cü ildə Parisdə vəfat etmişdir.