Azərbaycanda Türkiyə ilə birgə əczaçılıq məhsullarının istehsalı planlaşdırılır
03.05.2023
Türkiyənin "Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti ilə əməkdaşlıq müqaviləsinə əsasən vacib əczaçılıq məhsullarının yerli istehsal hesabına idxalının əvəzlənməsinə və istehlak bazarında sərfəli şərtlərlə əldə edilməsinə töhfə məqsədilə Azərbaycanda əczaçılıq məhsulları zavodunun tikilməsi planlaşdırılır.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazirlikdə Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan "Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti ilə görüş keçirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirilmiş görüşdə şirkətlə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Tədbirdə vurğulanıb ki, dövlət başçılarının siyasi iradəsi, dostluq və qardaşlıq münasibətləri, verdikləri tapşırıqların icrası iqtisadi əməkdaşlıq potensialından səmərəli istifadə edilməsində önəmlidir. Azərbaycan və Türkiyə arasında uğurlu iqtisadi-ticarət və investisiya tərəfdaşlığının həyata keçirildiyi diqqətə çatdırılıb. Ölkəmizin əsas ticarət tərəfdaşlarından olan qardaş ölkə ilə Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi isə iqtisadi-ticarət əməkdaşlığımızın gücləndirilməsinə əlavə stimul yaradacaq. Bildirilib ki, Türkiyə şirkətləri ilə tərəfdaşlığın gücləndirilməsi və qarşılıqlı faydalı birgə layihələrin gerçəkləşdirilməsi istiqamətində səmərəli addımlar atılır. Əczaçılıq sahəsində əməkdaşlıq da bu baxımdan əhəmiyyət kəsb edir. Bu sahədə əməkdaşlıq Azərbaycanda əczaçılıq məhsullarının istehsalı imkanlarını artıra bilər.
Tədbirdə "Azərbaycan İnvestisiya Şirkəti” ASC və "Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Layihənin əsas məqsədi vacib əczaçılıq məhsullarının yerli istehsal hesabına idxalının əvəzlənməsinə və istehlak bazarında sərfəli şərtlərlə əldə edilməsinə töhfə verməkdir. Sənədə əsasən, Azərbaycanda əczaçılıq məhsullarının istehsalı üzrə zavodun tikilməsi planlaşdırılır. Zavodun istehsal etdiyi məhsulların daxili bazarla yanaşı, qonşu ölkələrə də ixracı nəzərdə tutulur.
Qeyd olunur ki, "Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan, 20 ildən çox təcrübəyə malik aparıcı şirkətidir.