Beynəlxalq Şahmat Festivalı başlayır
03.05.2023
Sabah Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan "Baku Open 2023” Beynəlxalq Şahmat Festivalına start veriləcək.
"DM" xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçiriləcək mötəbər turnir "Baku Crystal Hall”da baş tutacaq.
Festivalda şahmatçılar üç qrupda (A, B və C) mübarizə aparacaqlar. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Ümumilikdə festivalda iştirakla bağlı 23 ölkədən 607 şahmatçı qeydiyyatdan keçib. İştirakçılar arasında 44 beynəlxalq qrosmeyster, 44 beynəlxalq usta və 41 FIDE ustası var. Yarışın reytinq favoriti Hans Nimandır. ABŞ təmsilçisi 2708 FİDE reytinqinə sahibdir.
Festivalda Azərbaycanı Rauf Məmmədov, Nicat Abasov, Eltac Səfərli, Misrətdin İsgəndərov, Aydın Süleymanlı, Namiq Quliyev, Məhəmməd Muradlı, Abdulla Qədimbəyli, Ülvi Sadıqov, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Read Səmədov, Orxan Abdulov, Ülviyyə Fətəliyeva, İsmayıl Şahəliyev, Vüqar Manafov, Gövhər Beydullayeva, Gülnar Məmmədova və digərləri təmsil edəcəklər.
Beynəlxalq Şahmat Festivalı günlərində "Baku Crystal Hall”da həm də veteranlar arasında şahmat üzrə Azərbaycan çempionatı təşkil olunacaq.
Beynəlxalq Şahmat Festivalının ümumi mükafat fondu 55 000 ABŞ dolları təşkil edir. Yarışın A qrupunun qalibi olan şahmatçı 12 min ABŞ dolları və xüsusi hazırlanan kuboku qazanacaq. Festivalın C turnirində hər yaş qrupunda (U-8, U10, U12) qalib olacaq şahmatçılar Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam ediləcəklər.
Yarışda ilk tur mayın 4-də saat 14:30-da başlayacaq. "Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi mayın 5-də keçiriləcək.