Şanlıurfada Qarabağ parkı açıldı
16.11.2018
Türkiyənin ən böyük vilayətlərindən olan Şanlıurfada millət vəkili Qənirə Paşayevanın təklifi ilə hazırlanan Qarabağ parkı və Xocalı abidəsinin açılışı olub.
"Dövran Media" xəbər verir ki, hektarlarla ərazini əhatə edən Azərbaycan-Qarabağ parkının açılışında yüzlərlə insan iştirak edib.
Azərbaycan və Türkiyə bayrağının birgə dalğalandığı Qarabağ parkının mərkəzində qoyulan abidənin üzərində ümummilli liderimiz Heydər Əliyevin "bir millət, iki dövlət” sözləri, həmçinin Xocalı soyqırımı və orada şəhid olan insanlar, 1918-ci ildə Nuru Paşa rəhbərliyindəki Qafqaz İslam Ordusunun qəhrəman şəhidləri ilə bağlı məlumatlar öz əksini tapıb.
Millət vəkili Qənirə Paşayeva dünya birliyinin Ermənistanın işğal etdiyi Azərbaycanın bölgələrində törətdiyi vandalizm aktlarına səssiz qaldığını deyib.
Deputat çıxışında qeyd edib ki, bu zülmlərin bir daha yaşanmaması üçün gənclik Qarabağda baş verənləri yaddaşlarına yazmalıdır:
"İnanıram ki, Azərbaycan və Türkiyə olaraq əl-ələ verib, torpaqlarımızı Ermənistanın işğalından azad edəcəyik və o gözəl torpaqlarımızda Şanlıurfa adına parkın açılışında da birlikdə iştirak edəcəyik”.