Akar: Müdafiə sənayemiz dost ölkələrin müdafiə ehtiyaclarını da ödəmək qabiliyyətindədir
02.05.2023
Türkiyənin müdafiə sənayesi Türk Silahlı Qüvvələri ilə yanaşı, dost, qardaş və müttəfiq ölkələrin müdafiə ehtiyaclarını da ödəmək qabiliyyətindədir.
"DM"-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.
"İnşallah, tezliklə dənizlərimizdə milli sualtı qayıqlarımızı və dünən təqdim etdiyimiz milli döyüş təyyarəmiz "KAAN”-ı səmamızda görəcəyik. Müdafiə və təhlükəsizlik sahəsində atılan hər addım, həyata keçirilən hər bir layihə beynəlxalq bazarda mühüm aktora çevrilmiş Türkiyənin gücünü simvolizə edir”, - nazir vurğulayıb.
Akarın sözlərinə görə, Türkiyə bölgədə terrorla mübarizəsini və dost ölkələrə dəstəyini davam etdirəcək:
"Başda PKK/PYD-YPG, İŞİD və FETÖ olmaqla, bütün terror təşkilatlarına qarşı mübarizə apararaq, hüquq və mənafelərimizi dənizlərimizdə və səmamızda qoruyaraq, bunlarla yanaşı, Şimali Kipr Türk Respublikası, Azərbaycan və Liviyanı dəstəkləyir, regional və dünya sülhünə töhfə verməyə davam edirik”.