Azərbaycan Rumıniya ilə 8 istiqamət üzrə birgə tədqiqatlar aparacaq
26.04.2023
Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
"DM”nın Xidmətə istinadən verdiyi məlumata görə, sənəd XRİTDX-in rəisi general–leytenant İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rumıniyaya səfəri çərçivəsində imzalanıb.
Memorandumu Azərbaycan tərəfindən İlqar Musayev, qarşı tərəfdən isə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutununun rəhbəri Adrian Viktor Vevera imza atıb.
İmzalanan sənədə əsasən hər iki ölkə kibertəhlükəsizlik sahəsində siyasət və inkişaf strategiyası, kiber diplomatiya, bulud həllərinin təhlükəsizliyi, əşyaların interneti, "ağıllı şəhər" konsepsiyalarında kibertəhlükəsizlik, "big” data, yüksək səviyyəli domen sistemlərində blokçeyn tətbiqi, süni və artırılmış intellekt sahələrində birgə tədqiqatların aparılması sahəsində əməkdaşlıq edəcək.
Səfər zamanı XRİTDX-in nümayəndə heəyəti həmçinin Adrian Viktor Vevera və digər rəsmilərlə görüş keçirib. Daha sonra nümayəndə heyəti institutun fəaliyyət istiqamətləri, müəllifi olduğu elmi, texniki-texnoloji həlləri ilə tanış olmuş, gələcək mümkün əməkdaşlıq istiqamətlərini İnstitutun rəhbərliyi ilə müzakirə edib.